"Tarix yaradan rəssam" adlı tədbir

      Bəhruz Kəngərli Muzeyində görkəmli rəssam Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş “Tarix yaradan rəssam” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq rəssamın Azərbaycan incəsənətindəki xidmətlərindən bəhs edib. Vurğulanıb ki, qısa ömrü, məhsuldar yaradıcılığı, sənətkar uzaqgörənliyi ilə bir neçə ömrə bərabər sənət inciləri yaradan rəssam adını Azərbaycanın sənət tarixinə yaza bilib. Realist dəzgah boyakarlığının təşəkkülü, ilk sərginin açılması, ilk avtoportret janrında çəkilmiş əsər Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Bəhruz Kəngərlinin yaradıcılığı ilə Azərbaycan rəssamlığında orta əsr miniatürü və XVIII-XIX əsrlərin divar təsvirləri üçün səciyyəvi olan şərti dekorativlikdən realist təsvir metoduna keçid başlanıb. Əbədiyyət qazanan Bəhruz Kəngərlinin yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə kimi qiymətləndirilir. Qeyd olunub ki, 1912-ci ildən etibarən Naxçıvan Teatrında rəssam kimi fəaliyyətə başlayan sənətkar bu sahədə böyük xidmət göstərmiş, tamaşalara milli koloritdə zəngin səhnə tərtibatı vermiş, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlamışdır.
Sonra muzeyin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova “Tarix yaradan rəssam” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, sənəti ilə xalqımıza başucalığı gətirən Bəhruz Kəngərlinin bədii irsi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, rəssamın xatirəsinə diqqət və ehtiram göstərilir. Bildirilib ki, rəssamın yaradıcılığı janr etibarilə rəngarəng olmuşdur. Onların arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil.
Ömrünü Vətəninin, xalqının tərəqqisi yoluna bəxş edən, mədəniyyətimizin inkişafında özünəməxsus xidmətləri olan Bəhruz Kəngərli heç vaxt unudulmur, hər zaman qürür hissi ilə xatırlanır.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış oldular.

125594
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
57
112
301
125594

Tarix: 09-05-2024