Bəhruz Kəngərlinin həyatı və yaradıcılığı

XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olmuşdur. Bəhruzun atası Şirəli bəy Kəngərli dövrünün mütərəqqi, elmli adamlarından hesab olunurdu. Gimnaziyada təhsil almış Şirəli bəy şəhər məhkəməsində tərcüməçi vəzifəsində çalışmışdır. Rus və fars dillərini mükəmməl bilən, ədəbiyyat həvəskarı olan Şirəli bəy klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, Şərq, rus və Qərbi Avopa ədəbiyyatı ilə də yaxından tanış idi.

Bəhruz anasını çox erkən itirdiyindən onun tərbiyəsi ilə analığı Şirin xanım məşğul olmuşdur. O, kiçik yaşlarında yatalaq xəstəliyinə tutulmuş və bu ağır xəstəlikdən qurtulsa da, fiziki qüsura – eşitməzliyə məruz qalmışdır. Beləliklə, səsli dünya ilə ünsiyyəti kəsilən Bəhruzun rus-tatar məktəbindəki təhsili yarımçıq qalır, məktəbi tərk etməyə məcbur olur və Bəhruzun təhsili ilə Şirəli bəy özü məşğul olmağa başlayır. Balaca Bəhruz atasının evə gətirdiyi şəkilli kitab və jurnallardan, xüsusən Şirəli bəyin abunə olduğu “Molla Nəsrəddin” jurnalından faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Bəhruzun rəssamlıq qabiliyyəti tezliklə ətrafındakıların diqqətini cəlb edir və ailənin yaxın qohumlarının, həmçinin tanınmış ziyalı Eynəli bəy Sultanovun məsləhəti ilə atası onu Tiflisdə yerləşən “Qafqaz İncəsənəti Təşviq Cəmiyyəti” nəzdindəki Boyakarlıq və Heykəltaraşlıq Məktəbinə qoyur. Həmin illərdən bəhs edən sənətşünas Adil Qazıyev yazır ki, “Bəhruz Kəngərli Tiflisdə təhsil aldığı illərdə Eynəli bəy Sultanovun vasitəsi ilə “Molla Nəsrəddin” jurnalının redaktoru Mirzə Cəlillə tanış olmuşdur. Bəhruz “Molla Nəsrəddin” jurnalının nüsxələrini oxuyar və şəkillərinin üzünü köçürərdi. Mirzə Cəlilin və onun məsləkdaşları Eynəli bəy Sultanov və Əliqulu Qəmküsarın xeyirxah təsiri ilə gənc rəssam ictimai həyat hadisələrini demokratik cəhətdən qiymətləndirməyə meyl edir”.

Beləliklə, Bəhruz Tiflisdə təhsilini müvəffəqiyyətlə başa vurub Naxçıvana qayıdır.

Rəssamlıq sənətini ehtirasla sevən, onu təbliğ etməyə, həmyerlilərində bu sənətə maraq oyatmağa çalışan gənc rəssam hələ tələbə ikən Naxçıvanda öz əsərlərinin sərgisini düzəldir. Bəhruzun ilk fərdi sərgisi 1914-cü ildə açılmışdır. Tədqiqatçılar qeyd edirlər ki, Naxçıvan əhalisi, xüsusən qabaqcıl ziyalılar Bəhruz bəy Kəngərlinin bu sərgisini böyük sevinclə qarşılamış, rəssamın əsərlərini yüksək qiymətləndirmişdir. Çünki rəssam öz əsərlərində vətəninin gözəl mənzərələrini, xalqının həyatından alınmış səhnələri sadə, təbii, tamaşaçıların başa düşəcəyi real tərzdə, həm də böyük məhəbbətlə əks etdirirdi. Buna görədir ki, qabaqcıl ziyalılar rəssamın gələcəyinə böyük ümid bəsləyir, onun yaradıcılığı ilə fəxr edirdilər. Həmin sərgi haqqında “İqbal” (16 iyun 1914, 679-cu buraxılış), “Kaspi” (17 iyun 1914-cü il) və “Tərcüman” qəzetləri (24 iyun 1914-cü il) tərifli yazılar dərc etmişdir.

“İqbal”ın “Həman” imzalı müxbiri yazırdı: “Cavan rəssamımız doğrudan-doğruya gələcəkdə mayeyi-iftixarımız olacaqdır. Şayani-təşəkkür burasıdır ki, nohəvəs rəssamın qələmə aldığı rəsmlər öz həyatımızdan götürülmüş milli rəsmlərdir”.

Bu arzular qələmə alınanda Bəhruzun cəmi 22 yaşı var idi. İllər keçdi, Bəhruz bəy Kəngərli, həqiqətən də, millətimizin iftixarına çevrildi. Bəhruz Kəngərlinin ikinci sərgisi 1919-cu ildə baş tutdu. Bu barədə Məmməd Cəfər Cəfərov özünün “Həyatın romantikası” adlı kitabında söhbət açır: “Bəhruz Kəngərli Naxçıvanda Puşkin küçəsində yol kənarında sərgi düzəltmişdi və yoldan keçənləri çağırardı ki, gəlib əsərlərinin sərgisinə baxsınlar”.

Rəssamın sağlığında keçirilən sonuncu sərgisi artıq Naxçıvanda sovet hakimiyyəti illərinə təsadüf edir. 1921-ci ildə baş tutan sərgidə rəssamın 500-ə yaxın əsəri nümayiş etdirilmişdir. Bəhruz bəy Kəngərli sərgidən əldə etdiyi gəlirin bir qismini Naxçıvandakı uşaq evinə bağışlamışdı.

Bəhruz bəy Kəngərli Tiflisdə rəssamlıq məktəbini müvəffəqiyyətlə bitirib Naxçıvana qayıtdıqdan sonra müstəqil yaradıcılıq fəaliyyətinə başlayır. Bəhruz Kəngərlinin yaradıcılığı mövzu və janr cəhətdən geniş və əhatəli olmuşdur. Rəssam əsərlərini sulu boya, yağlı boya, tuş, qələm və kömürlə işləmişdir. Bir çox əsərlərini bir neçə rakursdan müxtəlif rəsm texnikalarında icra edib. Bəhruz bəy Kəngərlinin əsərlərində xətlər və cizgilər deyil, sərbəst və cəsarətlə birbaşa vurulmuş rəng yaxıları həlledici rol oynayır. Formanın plastikliyi, xətti və hava perspektivi, fəza dərinliyi, kölgə-işıq və rəng keçidləri, incə rəng nüansları kimi realist boyakarlığın əsasını təşkil edən ifadə vasitələri Azərbaycan incəsənətinə ilk dəfə Bəhruz Kəngərli tərəfindən gətirilmişdir. Məhz buna görədir ki, Bəhruz bəy Kəngərli yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə, rəssamın özü isə əsl novator rəssam kimi qiymətləndirilir. Bəhruz Kəngərli yaradıcılığı ilə Şərq-Qərb vəhdətli yeni Azərbaycan rəssamlığı başlanır.

Azərbaycan incəsənətində Bəhruz Kəngərliyə qədər öz portretini çəkən olmamışdır. Portret janrının maraqlı qolu olan avtoportret Bəhruz bəy Kəngərli yaradıcılığı ilə Azərbaycan rəsm sənətinə gətirilən yeniliklərdən biridir.

Bəhruz Kəngərlinin bədii irsində portret janrında əsərləri xüsusi yer tutur. Rəssamın portret əsərləri bədii forması, obrazların həlli, yaradıcılıq metodu və ifadə tərzinə görə əsl realistik xarakter daşıyır. Realist portret sənətinin əsas xüsusiyyətlərini hərtərəfli öyrənmiş Bəhruz Kəngərli portreti bədii obraz səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur. Bəhruz Kəngərlinin müasirləri, Naxçıvan ziyalıları ona özlərinin portretlərini çəkməyi sifariş verirdilər. O, naturadan portret çəkməklə yanaşı, bəzən qazanc məqsədilə fotodan portretləri böyütməklə də məşğul olmuşdur. Onun qəhrəmanları sırasında əsasən müasirlərinə, o cümlədən müxtəlif yaşlı, fərqli taleli insanlara rast gəlmək mümkündür. Bəhruz Kəngərli portretlərini çəkdiyi insanların mənəvi duyğularını, hisslərini tamaşaçıya çatdıra bilmişdir. “Şirin xanımın portreti” (1915-1920), “Nazlı xanım Tahirova (Nəcəfova)” (1916), “Əsəd ağa Kəngərlinin portreti” (1916), “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti” (1917), “Qadın portreti” (1913-1917), “Qoca kişi” (1914) , “Mirzə Heydər Nəsirbəyovun portreti” (1918) və onlarla digər dəyərli portretləri ilə rəssam Azərbaycan incəsənətini zənginləşdirmişdir. Peşəkar rəssam uşaq portretlərinin çəkilməsində böyük sənətkarlıq nümunəsi yaratmağa nail olmuşdur. “Yatmış uşaq” silsiləsinə daxil olan rəsmlərdə Bəhruz Kəngərli üzlərindən saflıq, məsumluq yağan uşaqları təsvir etmişdir. Bu silsiləyə daxil olan əsərlərin ümumi sayı 30-a yaxındır.

Rəssamın portret janrında çəkdiyi əsərlər içərisində tarixin ağrı-acılarını özündə əks etdirən və “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri xüsusi əhəmiyyət kəsb edir. “Qaçqınlar” silsiləsini sulu boya ilə çəkilmiş 30-a qədər əsər təşkil edir. Bəhruz Kəngərli öz dövrünün reallıqlarını günümüzədək çatdıran, xalqı qarşısında öz vətəndaşlıq vəzifələrini ləyaqətlə yerinə yetirən əsl vətənpərvər rəssamdır. Bəhruz Kəngərli millətimizin məruz qaldığı haqsızlıqları, başına gətirilən müsibətləri əks etdirən “Qaçqınlar” silsiləsindəki əsərləri ilə əsl millətpərvər rəssam olduğunu sübuta yetirir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən, o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.

Tarixən ermənilər xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmiş, həmvətənlərimizi öz dədə-baba yurdlarından didərgin salmışlar. Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi tarixi bir fakt kimi əhəmiyyətlidir. Vətənpərvər rəssam o tarixi dövrün canlı və əyani salnaməsini yaratmışdır. Müasirlərinin xatirələrindən məlum olduğu kimi, Bəhruz Kəngərli qaçqınlara öz yardım əlini uzatmağa çalışarmış. Kimsəsiz uşaqları evinə dəvət edər, onlara yemək, paltar, ayaqqabı verər, həmçinin şəkillərini çəkərmiş. “Qaçqın qadın” (1919), “Əyləşmiş qaçqın oğlan” (1920), “Canfəda kəndindən qaçqın oğlan” (1920), “Qaçqın İmran” (1921), “Qaçqınlar” (1920-1921) və digər əsərlərində Bəhruz Kəngərli qaçqınların psixoloji sarsıntılarını ustalıqla təsvir edə bilmişdir. Rəssam bu simalarda qorxu, işgəncə, əzab-əziyyət nişanələrini ürək yanğısı ilə ifadə etmişdir. Rəssam “Qaçqınlar” silsiləsini yaratmaqla əbədiyaşarlıq qazanmışdır.

Bəhruz Kəngərlinin Naxçıvandakı xarabalıqları – viranəlikləri əks etdirən “Tərk edilmiş ev” (1921), “Naxçıvan viranəlikləri”, “Naxçıvanda xarabalıqlar” (1921), “Eylabad kəndində dağıdılmış darvaza” (1921) əsərləri də mühüm əhəmiyyət kəsb edir. Belə ki, dağıntılar bu tikililərin zamanın sərt sınağından çıxmamasının yox, daşnak hərbi dəstələrinin vəhşiliklərinin izləridir. Rəssamın xüsusi əhəmiyyət daşıyan əsərlərindən olan “Minarəsi dağıdılmış məscid” əsəri erməni vəhşiliyinin daha bir izinin sübutudur. Əsər tarixi bir fakt olaraq sübut edir ki, ermənilər bizim nəinki torpaqlarımıza göz dikmiş, həmçinin tarixən mədəniyyətimizə, maddi-mədəni abidələrimizə vəhşi münasibətdə olmuşlar.

Bəhruz Kəngərlinin bədii irsinə daxil olan əsərlərinin böyük əksəriyyətini mənzərələr təşkil edir. Bəhruz Kəngərli daim axtarışlar aparan, təbiətin sehrli gözəlliklərini dərk etməyə, rənglər vasitəsilə onu ifadə etməyə çalışan bir rəssam idi. İstedadlı fırça ustası mənzərə janrında yaratdığı əsərlərində Naxçıvan təbiətini məhəbbətlə vəsf etmişdir. Naxçıvanın özünəməxsus koloriti, bitki örtüyü, söyüd ağacları, uca dağlarının əzəməti, geniş üfüqlər Bəhruz fırçasının rəsmlə çəkdiyi mövzulardır. “Payız mənzərəsi Əshabi-Kəhf dağı” (1921), “Dağın zirvəsi” (1918), “Mənzərə” (müxtəlif illər), “Qarlı dağlar: Ağrı dağı” (1916), “Yamxana kəndinə yol” (1921) və digər mənzərə janrında yaratdığı əsərləri ilə yanaşı, rəssamın memarlıq abidələrinə həsr edilən əsərlərinin misli-bərabəri yoxdur. Rəssam Azərbaycanın qədim tarixinin, möhtəşəm dövlətçiliyinin göstəricisi olan orta əsrlərə aid memarlıq abidələrini təsvir etməklə qiymətli sənət əsərləri yarada bilmişdir. “Naxçıvanda Atabəylər türbəsi” (1915-1920), “Naxçıvanda abidə” (1921), “Möminə Xatın türbəsi” (1920), “Naxçıvanda məscid” (1919), “İmamzadə türbəsi” (1919) və bu kimi əsərləri xüsusən önəmlidir.

Rəssamın yaradıcılığında “Nuhun qəbri” əsəri diqqəti xüsusilə cəlb edir. Rəssam bu mövzuya 6 dəfə müraciət etmişdir. Nuhun qəbrinin yerinin müəyyən olunmasında və bərpasında bu əsərlərin də mühüm rolu olmuşdur.

Məlumdur ki, 1883-cü ildən 1913-cü ilə kimi Naxçıvan teatrında peşəkar rəssam olmadığına görə səhnəyə tərtibat həvəskar aktyorlar tərəfindən verilirdi. Ona görə bu tərtibatlar çox sadə və primitiv xarakter daşıyırdı. 1912-ci ildən etibarən Naxçıvan teatrında bu sahədə fəaliyyətə başlayan Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafına dəyərli töhfələr vermişdir. İstedadlı realist rəssam Bəhruz Kəngərli 1912-ci ildən ömrünün axırına kimi Naxçıvan teatrında göstərilən tamaşalara milli koloritlə zəngin səhnə tərtibatı vermiş, tamaşaların ruhunu əks etdirən dekorasiyalar və pərdələr hazırlamışdır. Beləliklə, Bəhruz bəy Kəngərlinin Naxçıvan teatrında Azərbaycanın ilk professional teatr rəssamı kimi yaradıcılığı başlayır. Cəlil Məmmədquluzadənin “Ölülər”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərlərinin səhnə tərtibatı, geyim və dekor eskizləri Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Rəssam 1922-ci il fevralın 7-də vəfat etmişdir. Rəssamın məzarı Naxçıvan şəhərində İmamzadə Abidə Kompleksinin yaxınlığında yerləşir. Burada rəssamın məzarüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Xalq rəssamı Hüseynqulu Əliyevdir.

Azərbaycan incəsənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərli qısa ömür yaşamasına baxmayaraq, təkrarsız yaradıcılığı ilə əbədiyaşarlıq qazanmışdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan dövlətinin milli sərvətidir”.

124862
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
34
62
96
2015
124862

Tarix: 23-04-2024