Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş tədbir keçirilib

Bəhruz Kəngərli Muzeyində XX əsr Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş “Əbədiyyət qazanan rəssam” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq görkəmli rəssamın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, istedadlı rəssam cəmi 30 il ömür sürməsinə baxmayaraq, dəyərli rəsm əsərləri ilə zəngin irs yarada bilmişdir. Onun portret və mənzərə janrında yaratdığı əsərləri yüksək bədii sənətkarlıqdan xəbər verir. Qeyd olunub ki, realist dəzgah boyakarlığının təşəkkülü, mənzərə janrının müstəqil janra çevirilməsi, ilk sərginin açılması, ilk avtoportret janrında çəkilmiş əsər, Naxçıvanda teatr sənətinin inkişafı Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Məhz buna görədir ki, əbədiyyət qazanan rəssamın yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə kimi qiymətləndirilir. Qəlbi vətən eşqi ilə dolu olan rəssam dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirməklə yurdunun ağrı-acılarını qabardıb, bununla da əsl milli ruhlu sənətkar olduğunu sübuta yetirib. Muzeyin direktoru vurğulayıb ki, sənəti ilə xalqımıza başucalığı gətirən Bəhruz Kəngərlinin irsi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, rəssamın xatirəsinə diqqət və ehtiram göstərilir. Bəhruz Kəngərli Azərbaycan xalqının qəlbində və yaddaşında hər zaman əsl vətənpərvər rəssam olaraq qalacaqdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təsviri və Dekorativ Tətbiqi Sənətlər Şöbəsinin müdiri Fizzə Quliyeva “Bəhruz Kəngərlinin sənət dünyası”, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova “Əbədiyyət qazanan rəssam” mövzularında çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, yaşadığı qısa ömründə Bəhruz Kəngərli hər kəsə örnək ola biləcək həyat hekayəsi və yaradıcılıq dövrünün məsuldarlığı ilə zirvədə əbədi yaşamağa layiq sənətkardır. Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri olan Bəhruz Kəngərli cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat vermiş, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilmişdir. Ölməz sənətkar həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərov və rəssam Səməd Məmmədov da çıxış edərək görkəmli rəssamın həyatı və təkrarolunmaz yaradıcılığı haqqında söhbət açmışdır. Bildirilmişdir ki, Bəhruz bəy Kəngərlinin firavanlıqdan uzaq bir vəziyyətdə yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün vətənpərvər sənətkar vətəndaş mövqeyinin təzahürü kimi dəyərləndirilir. Ürəklərdə yaşayan görkəmli realist sənətkar Bəhruz Kəngərli xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır, yeni nəsillərə örnək ola biləcək həyatı və yaradıcılığı təbliğ edilir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

 

 

 

125684
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
94
57
202
391
125684

Tarix: 09-05-2024