Bəhruz Kəngərli yaradıcılığına aid 3 orijinal rəsm əsəri muzeyə təqdim olunub

Fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına aid olan üç rəsm əsərinin Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinə daimi olaraq təhvil verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynayıb. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da, bu günə yalnız 500-ə qədəri gəlib çatıb.

  Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonuna rəssamın adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin orijinalları və yüksəkkeyfiyyətli surətləri çıxarılaraq muzeyə gətirilib. Hazırda muzeyin fondunda, ümumilikdə, 1214 eksponat vardır ki, bunlardan 384-ü ekspozisiyada sərgilənir. Bu əsərlərdən 58-i orijinaldır. Həmin əsərlərin 33 ədədi sulu boya, 5 ədədi yağlı boya, 4 ədədi tuş, 7 ədədi karandaş, 9 ədədi isə kömürlə çəkilib.

Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib

2016-ci il mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək deyib: Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.

Ali Məclisin Sədri deyib: Realist rəssamlığın vəzifəsi yalnız həyatın və ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə kətana köçürən Bəhruz Kəngərli də rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin tarixi keçmişini və yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir.

“Bəhruz bəy Kəngərli taleyi” kitabının təqdimat mərasimi keçirilib

Aprelin 4-də Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr olunmuş “Bəhruz bəy Kəngərli taleyi” kitabının təqdimat mərasimi keçirilmişdir. 

Tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq bildirmişdir ki, Naxçıvan çoxəsrlik tarixə malik olan qədim Azərbaycan torpağıdır. Bu əsrarəngiz diyarda tanınmış dövlət xadimləri, şairlər, görkəmli memarlar, fırça ustaları yetişmiş, mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət böyük inkişaf yolu keçmişdir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 2011-ci ildə Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmiş, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamlar hər cür şəraiti olan emalat­xanalarla təmin edilmiş, rəssamların albom-kataloqları nəşr olunmuş, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası Sədri­nin müavini Əli Həsənov təqdimat mərasimində çıxış edərək demişdir ki, Naxçıvan tarixi-mədəni abidələri ilə yanaşı, həm də ölkəmizə əvəzsiz xidmətlər göstərmiş görkəm­li şəxsiyyətləri ilə də məşhurdur.

Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq qeyd edib ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb. 

Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb.

Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub, 2013-cü ildə istifadəyə verilib. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.

122581
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
277
17
518
1325
122581

Tarix: 28-03-2024